Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunub

02 iyun 2022 | 12:10
Şəmkir rayonunda 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkil etdiyi tədbirdə şəhid və qazi övladları, 2021-2022-ci tədris ilində rayon üzrə fərqlənən şagirdlər, azyaşlılar və valideyinləri iştirak ediblər.
1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü tədbiri Dövlət Himnimizin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev uşaqların Beynəlxalq Müdafiə Gününün yaranması tarixindən, tədbirin əhəmiyyətindən bəhs edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb.
İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir”.
Rəşad Tağıyev dövlət siyasətindən yararlanaraq Şəmkir rayonunda da uşaqların təlim-tərbiyəsi, təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Tədbir çərçivəsində 2021-2022-ci tədris ilində Respublika fənn olimpiadalarının qalibləri və “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının qızıl medalçısı Nurcan Abuzerova Şəmkir RİH başçısının fəxri fərmanı və hədiyyələrlə təltif olunublar.
Eyni zamanda Şəmkir RİH başçısı Rəşad Tağıyev şəhid övladları ilə bayram tortunu kəsib.
Tədbirin bədii hissəsində məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin bədii kollektivlərinin ifasında musiqilər, səhnəciklər təqdim olunub.
Tədbir başa çatdıqdan sonra Şəmkir RİH və “Synergy Group” MMC-nin birgə təşkilatçılığı ilə Şəmkir Şəhər Parkında yerləşən Əyləncə Mərkəzinin bütün atraksion və karuselləri pulsuz olaraq balacaların ixtiyarına verilib.
Qeyd edək ki, saat 19:00-a kimi atraksionlar 16 yaşa qədər olan bala sakinlərimizə pulsuz xidmət göstərəcək.
Keçidlər