Şəmkirdə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib
03 avqust 2026 | 09:34
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Şəmkir şəhəri 5 saylı körpələr evi-uşaq bağçasında “Azərbaycan dili – milli kimliyimizin və mənəvi sərvətimizin təməli” mövzusunda tədbir keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Təhsil Sektorunun direktoru Elşən Ələsgərov, rayonun körpələr evi-uşaq bağçalarının rəhbərləri və körpələr iştirak iştirak ediblər.
Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva Azərbaycan dilinin milli kimliyimizin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, ana dilimizin zənginliyindən, dövlət dilinin inkişafı istiqamətində həyata keçirilən siyasətdən və dilimizin saflığının qorunmasının əhəmiyyətindən bəhs edib.
YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev isə çıxışında vurğulayıb ki, Azərbaycan əlifbasına latın qrafikasının tətbiqi və 1 Avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi böyük önəmin parlaq ifadəsidir. O bildirib ki, hər bir Azərbaycan vətəndaşı ana dilinin saflığını qorumağa, onu düzgün işlətməyə və gələcək nəsillərə olduğu kimi ötürməyə borcludur.
Digər natiqlər də çıxışlarında Azərbaycan dilinin xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və dövlətçilik ənənələrinin əsas dayaqlarından biri olduğunu qeyd edərək, ana dilimizin qorunmasının və gələcək nəsillərə saf şəkildə çatdırılmasının hər bir vətəndaşın borcu olduğunu bildiriblər.
Sonra tədbir bədii hissə ilə davam edib.






