Şəmkir şəhidini son mənzilə yola saldı
14 sentyabr 2022 | 16:40
Sentyabrın 13-də Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan ordusunun əsgəri Süleymanov Xəyal Elxan oğlu doğulduğu Şeidlər kəndində dəfn edilib.
Şəhidimizin dəfn mərasimində Şəmkir RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, hərbiçi yoldaşları, rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə şəhidimizin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən Rəşad Tağıyev şəhidin ailə üzvlərinə baş sağlığı verib, Xəyal kimi qəhrəmman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri də, övladları ilə qürur duyduqlarını bildirib, Vətən üçün canından keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Qəhrəman igidimiz Şeidlər kəndində torpağa tapşırılıb.
Şəhidin tabutu üzərinə sərilən bayraq icra başçısı tərəfindən onun atasına verilib.
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.