Şəmkir şəhid övladları Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər
11 sentyabr 2026 | 12:22
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısı sosial siyasətin mühüm istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır.
Şəhidlərin əziz xatirəsinin uca tutulması, onların ailə üzvlərinin, xüsusilə övladlarının qayğı ilə əhatə olunması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Bu istiqamətdə Şəmkir rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri ilə mütəmadi görüşlər keçirilir, onların müraciət və sosial məsələlərinin həlli diqqətdə saxlanılır, şəhid övladlarının müxtəlif sosial, mədəni və maarifləndirici tədbirlərdə iştirakı təmin edilir.
Şəhid övladlarına göstərilən diqqət və qayğının davamı olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Onlar bizə əmanətdir” adlı sosialyönümlü layihə həyata keçirilir. Layihənin məqsədi şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünün zənginləşdirilməsi, tarixi-mədəni irsimizin daha yaxından tanıdılması və müxtəlif sosial tədbirlərə cəlb olunmasıdır.
Layihə çərçivəsində növbəti səfər rayonun şəhid övladları üçün Şuşa və Xankəndi şəhərlərinə təşkil olunub. Səfər öncəsi uşaqlarla görüşən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev onlarla söhbət edib, xoş istirahət və yaddaqalan səfər arzulayaraq onları yola salıb.
Xankəndi şəhərində uşaqlar Zəfər Parkı, Qarabağ Universiteti və şəhərin digər görməli yerlərini ziyarət edib, aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olublar.
Şuşada isə Cıdır Düzü, Şuşa qalası, Gövhər Ağa məscidi və şəhərin mərkəzi hissələrinə baş çəkiblər.
Səfər zamanı uşaqlar üçün Azərbaycanın tarixi torpaqlarında əldə olunmuş Zəfərin nəticələrini əyani şəkildə görmək, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq prosesləri ilə tanış olmaq baxımından geniş imkan yaranıb.
Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəl şəhid övladları üçün Göygöl, Bakı və Gəncə şəhərlərinə də turlar təşkil olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Günü və müxtəlif bayramlar münasibətilə rayon ərazisində onların iştirakı ilə müxtəlif tədbirlər keçirilib, intellektual oyunlar və digər sosialyönümlü təşəbbüslər həyata keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması, onların sosial məsələlərinin həlli və şəhid övladlarının hərtərəfli dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.






