Şəmkir şəhərində maarifləndirici tədbir keçirilib
Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta ümumtəhsil məktəbində gənclər arasında dini radikalizmin, erkən nikahın və narkomaniyanın qarşısının alınması mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxış edənlər dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrə toxunaraq qeyd ediblər ki, gənclərin düzgün dini maarifləndirilməsi və sağlam informasiya ilə təmin olunması bu cür təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır. İştirakçılara dini ekstremizmə qarşı mübarizə yolları, radikal çağırışların tanınması və onların fəsadları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, erkən nikahın hüquqi və sosial nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, erkən nikah gənclərin təhsil imkanlarını məhdudlaşdırır, sosial inkişaflarına mənfi təsir göstərir və bu hallar çox zaman ailə zorakılığı və psixoloji travmalarla müşayiət olunur.
Narkomaniya ilə bağlı təqdim olunan real həyat hekayələri gənclər arasında böyük maraq doğurub. Çıxış edənlər bu bəla ilə mübarizədə cəmiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.
Tədbirdə iştirak edən şagirdlər mövzu ilə bağlı suallar ünvanlayıb, mütəxəssislərlə interaktiv müzakirələr aparıblar. Onlar milli-mənəvi kimliyin qorunması, radikal təsirlərə qarşı düzgün mövqe seçilməsi və sağlam informasiya mühiti ilə bağlı fikirlərini ifadə ediblər.






