Şəmkir RİH-də AzTU nümayəndələri ilə görüş keçirilib
14 iyun 2022 | 09:32
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, RİH-in və ATU-nun məsul əməkdaşları iştirak ediblər.
Şəmkirdə son illər həyata keçirilən layihələr, görülən işlər barədə danışan Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Şəmkirin ildən-ilə daha da inkişaf etdiyini qonaqların diqqətinə çatdırıb.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının mahiyyəti barədə danışaraq hərəkətin təhlükəsizliyi baxımından bu görüşün önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, burada dayanıqlı şəhər modelinin də tətbiq edilməsi nəzərdə tutulub.
Görüş zamanı Şəmkir şəhərində küçə və yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması istiqamətində yaxın gələcəkdə görüləcək işlər müzakirə olunub. Həmçinin mobillik planı üzrə monitorinqlərin keçirilməsinin zəruriliyindən və bu tədbirlər üzrə hədəflərdən də danışılıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, təkliflər sələndirilib.