Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

08 sentyabr 2023 | 09:17
Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan ümumi təhsil müəssisələrinin direktor və pedaqoji heyəti iştirak ediblər.
Konfransda “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər, ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, respublika fənn olimpiadaları, təhsil müəssisələrində aparılan təmir-tikinti məsələləri, işə qəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, eləcə də digər qurumlar, qeyri-hökumət təşkilatları, icra hakimiyyəti orqanları ilə əməkdaşlıq sayəsində görülən işlərlə bağlı iştirakçılara məlumat verilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı 2023–2024-cü tədris ilində ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb, təhsil işçilərini qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib.
Daha sonra Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev hesabatla çıxış edib.
Sentyabr konfransında pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə 8 təhsil işçisinə fəxri fərman verilib, 2 məktəb isə təşəkkürnamə ilə təltif olunub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Keçidlər