Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda fəaliyyət göstərən “Şərq Ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyət haqqında məlumat.

04 aprel 2023 | 10:51

Azərbaycanın inkişafda olan şərabçılıq təsərrüfatında “Şərq Ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyəti özünəməxsus yerə malikdir. 2002-ci ildə təməli qoyulan şirkətin pilləli şəkildə həyata keçirdiyi biznes plan Azərbaycan şərabçılığında nəhəng layihələrdən biridir. Bu layihə çərçivəsində şirkət müasir texnologiyaların tətbiqini və bununla da yüksək keyfiyyətli şərab və brendi məhsullarının istehsalını qarşısına məqsəd qoymuşdur. Alman layihəsi əsasında qurulmuş zavodda montaj və quraşdırma işləri Almaniyanın GWEİN şirkəti tərəfindən aparılmışdır. Emal sexində quraşdırılmış Fransanın BUCHER VASLIN şirkətinin istehsalı olan daraqayıran və xırdalayıcının istehsal gücü saatda 40 tondur. BUCHER VASLIN-in istehsalı olan vakuum membran presin üstün xüsusiyyəti ondan ibarətdir ki, üzümün toxumunu və qabığını mexaniki zədələmir və proses qapalı şəkildə olduğundan şirə və şərabın oksidləşməsinə şərait yaratmır. Bu da şərabın dadının dəyişmə ehtimalını sıfıra endirir.

 Zavodda Almaniyanın CLEMENS və İtaliyanın DEFRANCESCHI şirkətlərinin istehsalı olan qıcqırma və saxlanma çənlərindən istifadə edilir. Şərab məhsullarının filtrasiyası üçün İtaliyanın PADOVAN şirkətinin istehsalı olan kizelqur və lövhəli filtrdən, Almaniyanın PALL şirkətinin istehsalı olan membran filtrlərdən istifadə edilir.

 Hazır şərabların şüşələrə doldurulması İtaliyanın GAI şirkətinin istehsalı olan dolum və etiketləmə maşınları vasitəsi ilə həyata keçirilir. Şüşələr Rusiya və Moldovadan, etiketlər Moldovadan, tıxaclar isə Portuqaliyanın dünyaca məşhur təbii mantar istehsalçısı olan AMORIM şirkətindən təmin olunur.

Zavodda brendi spirtinin çəkilməsi üçün müasir sex də işə salınmışdır. Almaniyanın CARL şirkətinin istehsalı olan modernləşdirilmiş şaranda tipli spirt çəkmə aparatları, su hamamında suyun yüksək tempraturda qızdırılması nəticəsində brendi-şərab materialından ikiqat distillə yolu ilə, fasiləli üsulla brendi spirti çəkilir. Alınmış brendi spirti Fransa istehsalı olan palıd çəlləklərdə yetişdirilir.

 “Şərq Ulduzu” MMC Azərbaycanın qədim şərabçılıq ənənələrini bütün dünya ölkələrinə çatdırmaq üçün səylə çalışır. Müəssisədə yerli mütəxəssislərlə yanaşı hər il Fransa, Almaniya, İtaliya kimi ölkələrdən xarici mütəxəssislər də gələrək emal və istehsal proseslərinə öz töhfələrini verirlər. Bunun nəticəsidir ki şirkət şərab məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, C. Koreya və Yaponiyaya ixrac edir. Şirkət yaxın gələcəkdə yeni üzüm bağları salaraq yerli texniki üzüm sortlarının sayını artırmaq niyyətindədir. Bununla yanaşı şampan şərabı və grappa da istehsal planına daxildir

Üzümlüklərin salınmasında, becərilməsində və yetişdirilməsində Fransa və İtaliyanın tanınmış şirkətləri iştirak etmişdir. Avropada geniş yayılmış və tanınmış şərab istehsalçıları tərəfindən istifadə olunan üzüm növləri ilə yanaşı yerli üzüm növlərindən də istifadə olunur. Şirkətə məxsus 110 hektar torpaq sahəsinin 47,5 hektarında Fransadan gətirilmiş Chardonnay, qalan sahələrdə isə Shiraz, Merlot, Cabernet Sauvignon, Petit Verdot, Gürcüstandan gətirilmiş Rkatsiteli, Saperavi və s. sortlar, eləcə də 27 hektar sahədə yerli Bayan Şirə sotu əkilmişdir. Bu sortların əsas üstünlükləri xəstəliyə davamlı olması və kimyəvi maddələrdən daha az istifadə olunmasıdır.

Üzüm bağlarının 60 hektar hissəsində İsrailin NETAFİM şirkəti tərəfindən damcılı suvarma sistemi quraşdırılmışdır. Bu suvarma sisteminin tətbiq edilməsi suyun bərabər paylanması ilə yanaşı xəstəlik və ziyan vericilərin yayılmasının qarşısını alır və həmçinin alaq otlarının məhv edilməsinə şərait yaradır. Son nəticədə məhsulun yüksək keyfiyyətli olmasına müsbət təsir edir.

Hər biri calaq olunan xarici və yerli üzüm sortlarının calaqaltı hissələri yabanı üzüm sortlarından götürülür. Hər bir üzüm sortu üçün onlara uyğun calaqaltılar seçilmişdir. Calaqaltının yabanı olması üzümün ən kəskin zərəvericisi olan fillokseraya davamlılığını artırır. Həmçinin bu calaqaltlarının kökləri torpağın daha dərin qatlarına getməklə quraqlığa davamlı olur. Budama zamanı əsas olaraq yelpik və guyo formasından istifadə edilir. Quru budama zamanı əsas məqsəd saxlanılan bar barmaqlıqlarının məftil ilə bağlanılaraq yetişdirilməsidir. Yaşıl əməliyyatlar üzümün sortundan asılı olaraq bir neçə dəfə aparıla bilər. Məqsəd lazımsız zoğların qoparılıb atılması və gələcək bar barmaqlıqlarının seçilib bağlanmasıdır.

 Müəssisə hazırda 2 min ton üzümü emal etmək gücünə malikdir. Hazırda zavodda 12 növ şərab, 8 növ mey və 3 növ konyak içkisi istehsal edilir. "Şardane", "Bayan şirə", "Merlot", "Rikasiteli", "Saperavi", "Kaberne savinyon" və "Şiraz" şərabları onların əldə olunduqları üzüm sortlarının adını daşıyır. Şərab məhsullarından konyak spirti də emal edilir. Mövsümdə 55 nəfər “Şərq Ulduzu” MMC-də üzümçülük sahəsində çalışır.

 

Keçidlər