Şəmkir rayonunda Azərbaycan Sərhəd Mühafizəsinin 103 illiyi qeyd edilib
19 avqust 2022 | 11:02
Bu münasibətlə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı Şəmkir sərhəd dəstəsinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə tər çiçəklər düzüblər.
Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik edən Rəşad Tağıyev bildirib ki, Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd edib.