Şəmkir rayonunda Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb
07 aprel 2025 | 10:16
Şəmkir rayonunda Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi yad olunub.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətində Aprel şəhidlərinin ailələri və o şanlı tarixin yazılmasında sağlamlığını itirən qazilərimizlə görüş keçirilib.
RİH başçısı Rəşad Tağıyev şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirib, Aprel döyüşlərində Lələtəpə, Talış yüksəklikləri və digər bir sıra mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsindən, Azərbaycan əsgərlərinin əfsanəvi qəhrəmanlıqlarından bəhs edib.
İcra başçısı bildirib ki, Azərbaycanın hərb tarixində özünəməxsus yer tutan şanlı Aprel döyüşləri ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi.
Aprel şəhidlərinin ailələrinə başsağlığı verən Rəşad Tağıyev vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağ düşmən işğalından tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol böyük Zəfər ilə bitdi, xalqımız qələbə sevinci yaşadı. Milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalandı.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndirdilər.
Daha sonra Aprel Zəfərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə çıxış edənlər şəhidlərimizin qəhrəmanlıqlarından danışaraq, onların ömür yollarının gənclərə örnək olduğunu diqqətə çatdırıblar.