Şəmkir rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olundu.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad etdilər.
Şəmkir Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən RİH başçısı Rəşad Tağıyev bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub: "Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir".
Tədbir çərçivəsində rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin dövlət qulluğunda fərqlənən əməkdaşları RİH başçısının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif edildilər.
RİH başçısı qeyd etdi ki, ötən müddət ərzində dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi, vətəndaşyönülmü xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi maarifləndirmə işləri aparılmışdır. O bildirdi ki, RİH strukturunda çalışan hər bir dövlət qulluqçusunun əsas prinsipləri şəffaflıq, obyektivlik, vətəndaşyönümlülük və etik davranış qaydalarına riayət olmalıdır: “Bu prinsipləri öz fəaliyyətində rəhbər tutan əməkdaşlar hər zaman yüksək qiymətləndirilir, bundan sonra da onlar rəhbərlik tərəfindən fərqləndiriləcəklər.”
Rəşad Tağıyev vurğuladı ki, bir sıra hallarda bəzi dövlət qulluqçuları qeyd olunan prinsiplərə lazımi səviyyədə əməl etmir, etik davranış qaydalarını, o cümlədən qulluq reqlamentinin pozulması hallarına yol verirlər. O qeyd etdi ki, ötən müddət ərzində bu kimi neqativ davranışa yol verən bir əməkdaşa sonuncu xəbərdarlıqla şiddət verilmiş, eyni zamanda daha beş əməkdaş haqqında intizam tənbehi tədbiri görülmüşdür.