Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 2022-ci ilin yekunlarının hesabatı verildi

07 aprel 2023 | 12:33

Şəmkir rayonunda 2022-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzdə yerləşən büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.



Sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.

Bildirib ki, Respublikamızda yaradılmış ictimai-siyası sabitlik şəraitində Şəmkir rayonunda 2022-ci ildə sosial-iqtisadi sahədə dinamik inkişaf təmin edilmişdir. Hesabat ilində rayon İcra Hakimiyyəti başçısı Aparatında geniş Tədbirlər Planı təsdiq edilmiş və nəzərdə tutulan işlərin böyük bir hissəsinin icrası təmin olunmuşdur.

İcra başçısı qeyd edib ki, RİH tərəfindən 2022-ci ildə görülən işlərin əsasını təşkil edən sosial sahə üzrə  Vətəndaş müraciəti və qəbulların təşkili, şəhid ailələri, qazilər, veteranlar və aztəminatlı ailələrlə iş, sosial sifarişlərin yığılması və icra mexanizminin hazırlanması təşkil edib.

RİH başçısının hesabat məruzəsinin qısa məzmu:

Vətəndaş müraciəti və qəbulların təşkili

2022-ci ildə Şəmkir RİH-də vətəndaşların qəbulu “Vətəndaşların müraciətləri haqqında” AR Qanununa əsasən RİH-in təsdiq edilmiş gündəlik iş rejimi əsasında təmin olunub.  2022-ci ilin əvvəlindən etibarən vətəndaşların RİH başçısının, müavinlərin, RİH başçısı Aparatının struktur bölmə rəhbərlərinin qəbulunda olmaq üçün qəbul qrafikinə uyğun olaraq RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında şəxsən müraciət etməklə yanaşı, eyni zamanda RİH-in rəsmi internet səhifəsində, Qaynar Xətt ((+99450) 511 21 61, 0223053363) nömrələri vasitəsilə  qəbula yazılması təşkil edilib

2022-ci ilin mart ayından etibarən vətəndaşların problemləri və qaldırdıqları məsələlərlə yerində tanış olmaq üçün RİH başçısı tərəfindən hər həftənin 1 günü olmaqla rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu təşkil edilmişdir.

RİH-in tərəfindən sosial şəbəkələrdə ünvanlanan vətəndaş müraciətlərinə də həssaslıqla yanaşılmış,   vətəndaşların müraciəti xidmətini daha yüksək səviyyəyə çatdırmaq üçün 24 saat fəaliyyət göstərən “Qaynar Xətt” nömrəsi də ((+99450) 511 21 61, 0223053363) sakinlərin xidmətinə verilmişdir.

Hesabat dövründə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 3 895 nəfər vətəndaş fərdi şəkildə, 3 235 nəfər vətəndaş isə RİH başçısının yerlərdə baş tutmuş səyyar qəbulu zamanı qəbul edilmişdir .

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları həftənin hər günü növbədənkənar qəbul edilməsi və onların müraciətlərinə qanunvericiliyə uyğun olaraq baxılması üçün müvafiq tədbirlər görülməsi təmin edilib.

İcra başçısı 2022-ci ildə şəhid ailələri, qazilər, veteranlar və aztəminatlı ailələrlə işin önəmindən danışıb, bu istiqamətdə həyata keçirilən tədbirlərə bugündən sonra da xüsusi həssaslıqla yanaşmağın vacibliyini qeyd edib: “Prezident cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı sayəsində Şəmkir rayonundan olan 19 nəfər şəhid ailəsi və qazilərə 2022-ci ildə Bakı şəhəri, Şəmkir və Samux rayonu ərazisində yerləşən imtiyazlı şəxslər üçün nəzərdə tutulan binalarda mənzillər verilmiş, 114 qazi (ailə üzvü) və şəhid ailəsi üzvü daimi işlə təmin olunmuşdur. 2022-ci ildə RİH tərəfindən şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə dəstək göstərilmiş, maddi yardımlar edilmişdir.

Sosial sifarişlərin yığılması və icra mexanizminin hazırlanması

Rəşad Tağıyev məruzəsində Şəmkir rayonunun 2022-ci ildə sosial-iqtisadi göstəriciləri barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizin iqtisadi və sosial  həyatında  olduğu  kimi   Şəmkir  rayonununda  iqtisadi  həyatında  son  illər  müşahidə  olunan   sürətli  inkişaf  2022-ci  ildə də davam  etmiş,  istehsal  və  xidmət  sahələrində  qazanılan   uğurlar  yüksək  artım  sürətini  təmin etmişdir.

Əkin sahələrinin suvarılmasında suyun çatmaması ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə aparılmış sorğu və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, suyun çatmaması səbəbi təkcə təbiətlə bağlı deyil, eyni zamanda fermerlər (əhali) arasında suyun bölgüsü və əkin sahələrinə çatdırılması zamanı ədalətlilik prinsipinin pozulması, düzgün bölgünün olmaması və bir sıra hallarda suya qanunsuz müdaxilələrin olması halları vardır. Məsələ ilə bağlı 2022-ci ilin mart ayında RİH tərəfindən aiddiyyəti qurumlar cəlb edilməklə komissiya yaradılmış, kənd və qəsəbələrin əkilən torpaq sahələrinin ölçüləri nəzərə alınmaqla, Şəmkirçay su anbarından verilən və 34 kəndi əhatə edən suyun bölgüsündə müvafiq qrafik müəyyən edilərək sakinlərin diqqətinə çatdırılmış, aşkarlanan qanunsuz müdaxilələr aradan qaldırılmış, RİH-də 24 saat fəaliyyət göstərən “Qaynar Xətt” nömrəsi yaradılmış, kəndlərdə su bölgüsünü aparan su birlikləri əhali tərəfindən seçki yolu ilə yenidən formalaşdırılmışdır. Qeyd edilən tədbirlər nəticəsində 34 kəndin əkin sahələrinin suvarılmasında vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Həmçinin uzun illərdən bəri suvarma kanallarında təmir-bərpa işləri aparılmadığına görə əhalinin əkin sahələrinin suvarılmasında çətinliklər yaranırdı. Yaranmış vəziyyət nəzərə alınaraq rayonun 34,3 kilometr kollektor drenaj şəbəkəsi lildən və kol-kosdan təmizlənib, “Zəhmət”, “Səməd Vurğun”, “Ağlavaşlı-1” və “Ağlavaşlı-2” nasos stansiyaları təmir edilmişdir.

Rəşad Tağıyev hesabat məruzəsində bildirib ki, Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına uyğun olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları ilə bağlı bir sıra işlər görülmüş, rayon Məşğulluq Mərkəzinə müraciət edən iş axtaran vətəndaşlardan 1345 nəfər müvafiq işlə təmin olumuşdur.

Rayon ərazisində əmək ehtiyyatlarından səmərəli istifadə olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında müsabiqə elan olunmuş və kadr bankı yaradılmışdır. Müsabiqədə iştirak edən 432 namizəddən 71 nəfəri yüksək nəticə əldə etmiş, onlardan 25 nəfəri Şəmkir RİHB aparatında və icra nümayəndəliklərində işlə təmin olunmuşdur.

İqtisadi blok üzrə görülmüş işlər

2022-ci il üzrə rayonda 37 milyon 625 min manat dəyərində investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuş və bundan 30 milyon 328 min manat investisiya qoyuluşu həyata keçirilmişdir. Qeyd olunan layihələrin reallaşması nəticəsində 540 yeni iş yerinin yaradılması planlaşdırılmışdır. Cəlb edilmiş investisiyalar kənd təsərrüfatı məhsulları istehsalı, satışı, istixana və yaşayış binaları tikintisi, ticarət və digər xidmət sahələrini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Şəmkir rayonunda 2022-ci ildə abadlıq-quruculuq işlərinə aparılıb. Belə ki, 2022-ci ildə Şəmkir şəhərinin 7 küçəsinə ümumi uzunluğu 8,3 km asfalt beton örtüyü çəkilmiş, 3 küçəsinin ümumi uzunluğu 2,8 km olan asfalt örtüyü cari təmir edilmiş, 5 küçəsində isə abadlıq işləri aparılmışdır. Şəhər ərazisindəki tullantıların daşınması məqsədi ilə göstərilən xidmət müqabilində yığım hesabına lizinq yolu ilə (büdcə vəsaitindən istifadə edilmədən) 1 ədəd xüsusi texnika və digər zəruri avadanlıqlar alınmışdır.

Prezident cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət sayəsində ötən il Şəmkir rayonunda 3 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, 2 ədəd orta məktəbin əsaslı təmiri davam edir, 2 ədəd məktəb binasının əsaslı təmiri isə 2023-cü ildə planlaşdırılır.

Şəmkir rayonunun kənd təsərrüfatı imkanları barədə məlumat verən Rəşad Tağıyev bildirib ki, kənd təsərrüfat sahələrinin əhəmiyyətli dərəcədə inkişaf  etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda kənd təsərrüfatında ciddi islahatların aparılması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2022-ci təsərrüfat ilində rayonun aqrar sektorunda böyük irəliləyişə nail olunub.

 

Belə ki, hesabat ilində 14375 hektartar dənli bitkilər sahəsindən 47582 ton məhsul istehsal olunub. 8565 hektartarı buğda, 5692 hektartarı arpa qalan 118 hektar vələmir sahələrindən 29635 ton buğda, 17675 ton arpa və 272 ton vələmir istehsal olunub. Digər kənd təsərrüfatı məhsullarının istehsalında da yüksək nəticələr əldə olunub. Ümumilikdə Şəmkir rayonu üzrə bütün təsərrüfat kateqoriyaları üzrə 41566,7 hektartar sahədə payızlıq və yazlıq bitkilər əkilib ki, bu da ötən illə müqayisədə 448,9 hektartar çoxdur.

İcra başçısı məruzəsində bildirib ki, aidiyyəti dövlət qurumları ilə işin təşkili istiqamətində görülən işlər çərçivəsində rayonun elektrik, qaz, içməli su təsərrüfatında, avtomobil yolları və telekommunikasiya sahəsində də uğurlar əldə olunmuşdur. 

Belə ki, Şəmkir sakinlərinin qaz təminatının yaxşılaşdırmaq məqsədilə 33 min 307 ədəd qaz sızmasının qarşısı alınmışdır. Əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində 18 kənddə GPON texnologiyası əsasında şəbəkə qurulmuşdur. Elektrik enerjisinə tələbatın müasir standartlara uyğun qurulması üçün isə 2022-ci ildə rayonun 6 kəndi tam kabelləşmiş, 2 kənddə isə işlər davam etdirilir.

Hesabat məruzəsinin sonunda Rəşad Tağıyev bildirib ki, 2023-cü ildə də Şəmkir rayonunun sosial-iqtisadi inkişafı sahəsində bir sıra mühüm iqtisadi və sosialyönümlü layihələrin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində məqsədyönlü tədbirləri davam etdiriləcək.

 

 

Keçidlər