Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

02 iyul 2022 | 13:33
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov, rayonun hüquq-mühafizə orqanlarının, YAP Şəmkir Rayon Təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, polis veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Şəmkir Rayon Polis Şöbəsində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək bütün Daxili İşlər Nazirliyi əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin edilməsində Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirib.
İcra başçısı qeyd edib ki, Azərbaycan polisinin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib: “Bu gün də Prezident cənab İlham Əliyev polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onlara daha yaxşı xidmət göstərmək üçün əlavə güc verir”.
Veteran polis işçilərini də təbrik edən Rəşad Tağıyev bildirib ki, polis veteranları cəmiyyətdə aparıcı qüvvə kimi gənc nəslin vətənpərvər ruhda yetişməsində fəal iştirak etməlidirlər.
Digər çıxış edənlər də 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə təbriklərini çatdırıb, polis əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
 
Keçidlər