Şəmkir rayonunda 17 iyun – Tibb İşçilərinin Peşə Günü münasibətilə tədbir keçirilib
17 iyun 2026 | 15:16
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin akt zalında davam edən tədbirdə çıxış edənlər səhiyyə sahəsində çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyətin sağlamlığının qorunması istiqamətində gördükləri fədakar fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının, tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin bariz ifadəsidir. Həmçinin ölkəmizdə səhiyyənin inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup tibb işçiləri təltifləndirilib.






