Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi, “Muğamın sehrində” konsert proqramı təşkil olundu

16 iyun 2023 | 09:11
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, 15 iyun tarixi xalqın israrlı təkidi ilə Azərbaycanın məhv olmaq təhlükəsindən xilas edildiyi gündür və bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
İcra başçısı bildirib ki, güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
Tədbirdə çıxış edən YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nürəddin Mehdiyev, Azərbaycan Texnologiya Universitetinin dosenti, tarix elmləri doktoru Hüseyn Budaqov da çıxışlarında Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, xalqımız qarşısında xidmətlərindən danışıblar.
Çıxışlardan sonra Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Muğamın sehrində” adlı konsert proqramı təşkil olunub, yerli mədəniyyət işçiləri tərəfindən Ulu öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib.
Bildirilib ki, Ümumilli Lider hər zaman mədəniyyətə, incəsənətə xüsusi dəyər vermiş, Azərbaycan musiqisinin dünyada tanınması üçün əlindən gələni əsirgəməmişdir.
Sonda musiqiçilərə Təşəkkürnamələr təqdim olunub.
Keçidlər