Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı istilikxana və meyvə bağlarında görülən işlərlə yerində tanış olub

29 iyun 2026 | 15:25
 
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası Şəmkir rayonunda uğurla təmin edilir.
Rayon üzrə aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi, istehsalçıların qarşılaşdıqları məsələlərin operativ araşdırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə fermerlərlə mütəmadi görüşlər keçirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun aqrar potensialının daha da artırılması, kənd təsərrüfatı istehsalının inkişafı və sahibkarlarla birbaşa əlaqələrin gücləndirilməsi istiqamətində təsərrüfatlara növbəti baxış keçirib.
İcra başçısı rayonda fəaliyyət göstərən müasir istilikxana komplekslərinə və meyvə bağlarına baş çəkərək görülən işlərlə yerində tanış olub, istehsal prosesinin mövcud vəziyyətini qiymətləndirib, fermer və sahibkarların təklifləri dinləyib.
Görüş zamanı fermerlər dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstəyin istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılmasında mühüm rol oynadığını bildiriblər. Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən fermer və sahibkarlarla keçirilən mütəmadi görüşlərin onların fəaliyyətində qarşıya çıxan problemlərin yerində araşdırılması, təkliflərin dinlənilməsi və operativ həlli baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulayıblar.
Fermerlərlə görüşlər zamanı qeyd olunub ki, ölkəmizdə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın dəstəklənməsi və müasir istehsal infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər regionlarda mühüm nəticələr verir.
Məlumat üçün onu da bildirək ki, 2026-cı ilin ilk altı ayı ərzində rayonda aqrar istehsalda yüksək nəticələr əldə olunub. Belə ki, bu dövr ərzində 98 min 82,4 ton pomidor, eləcə də 1 min 184,5 ton meyvə istehsal edilərək bazarlara çıxarılıb. Bu göstəricilər rayonun aqrar potensialının, müasir texnologiyaların tətbiqinin və dövlət dəstəyinin real nəticəsi kimi qiymətləndirilir.
Onu da xüsusi qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti bundan sonra da aqrar sahənin davamlı inkişafı, müasir kənd təsərrüfatı modelinin tətbiqi, sahibkarların fəaliyyətinin dəstəklənməsi və dövlət proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icrasının təmin olunması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək.
Keçidlər