Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib

07 sentyabr 2026 | 15:44
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev könüllülük fəaliyyətini başa vuran gənclərlə görüşüb, onların fəaliyyəti, qazandıqları təcrübə və gələcək planları ilə maraqlanıb.
İcra başçısı qeyd edib ki, Azərbaycanda gənclərin ictimai həyatda fəal iştirakının təmin edilməsi, potensiallarının üzə çıxarılması və inkişafına geniş imkanların yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Rəşad Tağıyev bildirib ki, son illərdə könüllülük hərəkatının geniş vüsət alması gənclərin müxtəlif dövlət qurumlarının fəaliyyətinə cəlb olunmasına, onların bilik və bacarıqlarının artırılmasına, əmək vərdişləri qazanmasına və ictimai fəallığının yüksəlməsinə mühüm töhfə verib.
İcra başçısı vurğulayıb ki, Şəmkir Rayon İcra Hakimiyyətində həyata keçirilən könüllülük proqramı gənclərin dövlət idarəçiliyi və ictimai fəaliyyət sahəsində praktiki təcrübə qazanmalarına, peşəkar bacarıqlarının inkişafına, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasına xidmət edir. Proqram çərçivəsində könüllülər dövlət qurumunun gündəlik fəaliyyəti, vətəndaşlarla iş, təşkilati proseslər və ictimai tədbirlərin təşkili ilə bağlı praktiki biliklər əldə edirlər.
Rəşad Tağıyev könüllülük fəaliyyəti zamanı qazanılan təcrübənin gənclərin gələcək karyerası üçün əhəmiyyətini vurğulayıb. O, öz şəxsi karyera yolu və könüllülük fəaliyyəti ilə bağlı təcrübəsini gənclərlə bölüşərək qarşıya qoyulan məqsədlərə çatmaq üçün daim öyrənməyin, təşəbbüskar və məsuliyyətli olmağın vacibliyini diqqətə çatdırıb.
İcra başçısı Şəmkir rayonunda gənclərin inkişafına göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını, onların RİH-də könüllü kimi fəaliyyət göstərmələri üçün hər zaman şərait yaradıldığını bildirib. Qeyd edib ki, bu cür proqramlar gənclərə real iş mühiti ilə tanış olmaq, komanda ilə işləmək, yeni bacarıqlar qazanmaq və gələcək əmək fəaliyyətləri üçün zəruri səriştələr formalaşdırmaq imkanı yaradır.
Görüşdə çıxış edən könüllü gənclər Şəmkir Rayon İcra Hakimiyyətində fəaliyyət göstərdikləri müddətdə böyük təcrübə və səriştə qazandıqlarını, əldə etdikləri bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində mühüm rol oynayacağına əmin olduqlarını bildiriblər. Onlar gənclər üçün yaradılan imkanlara və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda könüllülük fəaliyyətini başa vuran gənclərə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən sertifikatlar təqdim olunub. Gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb, qarşıya qoyduqları məqsədlərə nail olmaları dilənib.
Keçidlər