Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir" komandası "Şahin" hərbi-idman oyunlarının zona birinciliyinin qalibi oldu

12 may 2025 | 14:34
Şəmkir Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilib. Yarışda Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarının komandaları iştirak ediblər.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Zona yarışında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Elşən Hüseynov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Vətən Müharibəsi iştirakçısı Rauf İbrahimov, Şəmkir rayonu üzrə təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı çıxış edərək yarışın önəmindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Yarışın nəticəsinə əsasən I yerə Şəmkir rayon Mahmudlu kənd Yaşar Əsgərov adına tam orta ümumtəhsil məktəbinin, II yerə Tovuz rayon Hunanlar kənd H. Cəfərov adına tam orta ümumtəhsil məktəbinin, III yerə Qazax rayon E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta ümumtəhsil məktəbinin komandaları layiq görülüblər.
Qalib komandaların üzvləri, müəllim və hakimlər heyəti Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubokla təltif olunublar.
I yeri tutan Şəmkir rayon komandası Sumqayıt şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyunlarının final mərhələsində iştirak etmək hüququ qazanıb.
Keçidlər