"ŞƏHİDLİK ADİ ÖLÜM DEYİL, BÖYÜK AMALLAR UĞRUNDA CANINDA KEÇMƏKDİR"- RƏŞAD TAĞIYEV
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş İsrayıl Hacıyev və Vacib Məmmədovun ildönümlərində məzarlarını ziyarət edib, ailələrinə baş çəkib.
İcra başçısı əvvəlcə şəhidin ailə üzvləri , Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə qəhərəmanların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad edib.
Rəşad Tağıyev bildirib ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi: “Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyirik!”
Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açan icra başçısı illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb.
Şəhid Vacib Məmmədovun ildönümündə ailəsi və yaxınları tərəfindən şəhidin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi də keçirilib.
Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.
Qeyd edək ki, İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsrayıl Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Vacib Zabit oğlu Məmmədov isə 2001-ci il fevralın 27-də Şəmkir rayonunun Morul yaşayış massivində anadan olub. Vacib Məmmədov sentyabrın 30-da Talış döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vacib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.