Şəhid Vaqif Hüseynovun xatirəsi Qaralar kəndində əbədiləşdirildi
11 iyun 2022 | 09:53
Vətən müharibəsində qəhərəmancasına şəhid olan Vaqif Hüseynovun xatirəsi böyüyüb boya-başa çatdığı Qaralar kəndində əbədiləşdirilib.
Şəhidin xatirəsinə ucaldılmış abidə-bulaq komleksinin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, şəhidlərin yaxınları iştirak ediblər.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəşad Tağıyev abidənin inşasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığı və Vətən sevgisindən danışıb.
İcra başçısı bildirib ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı: “Prezident cənab İlham Əliyevin son həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək”.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Tədbirdə çıxış edən şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.