Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nurlan Həsənovun xatirəsi əbədiləşdirilib

09 avqust 2022 | 14:13
Şəhid Həsənov Nurlan Eldar oğlunun xatirəsi böyüyüb boya-başa çatdığı Şəmkir şəhərində, yaşadığı evin qarşısında əbədiləşdirilib.
Şəhidin xatirəsinə hazırlanmış abidə-bulaq kompleksinin açılış mərasimində Şəmkir RİH başçısı Rəşad Tağıyev, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlillər və veteranlar iştirakı ediblər.
Mərasimdə torpaqlarımızın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Rəşad Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanın işğalçı qüvvələrini məhv edərək, xalqımıza qələbə sevinci yaşatdığı, xalqımızın Qarabağ həsrətinə son qoyduğunu qürur hissi ilə vurğulayıb.
İcra başçısı şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və xalqımızın doğma yurda qayıdışı istiqamətində zəruri tədbirlər görüldüyü diqqətə çatdırıb.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Tədbirdə çıxış edən şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər