Şəhid Münasib Məmmədovun xatirəsi əbədiləşdirildi
05 may 2022 | 10:06
Vətən müharibəsində qəhərəmancasına şəhid olan Münasib Məmmədovun xatirəsi böyüyüb boya-başa çatdığı Yuxarı Seyfəli kəndində əbədiləşdirilib.
Açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər, müharibə iştirakçıları və şəhidin yaxınları iştirak ediblər.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.
RİH başçısı Rəşad Tağıyev abidənin inşasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığı və Vətən sevgisindən danışıb.
İcra başçısı Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanını yerdə qoymadığını bildirib və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhid ailələri, qazilər çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.