Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseyn Qəribzadənin xatirəsi doğum günündə anılıb

07 sentyabr 2022 | 09:56
30 illik həsrəti bitirən 44 günlük Şanlı müharibə bizə və dünyaya bir çox qəhrəmanları tanıtdırdı.
Hər birinin fərqli həyat hekayəsi, hər birinin fərqli döyüş şücaəti və hər birinin öz qanları ilə yazdığı bir birindən fərqli qəhrəmanlıq dastanı...
Bu qəhrəmanlarımızdan biri də Çinarlı qəsəbəsində doğulub boya-başa çatan, qorxmadan, çəkinmədən ölümə meydan oxuyan şəhid Hüseyn Qəribzadədir.
Hüseyn Qədir oğlu Qəribzadə 2001-ci il sentyabrın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Çinarlı qəsəbəsinin 1 nömrəli tam orta məktəbində təhsil alıb.
Hüseyn Qəribzadə hərbi xidmətə 18 yaşında çağırışçı kimi getmişdi. Hüseyn yaşı az olmasına baxmayaraq yaşından böyük qəhrəmanlıqlarını zəfər tarixinə yazdırmağı bacardı...
Orta məktəbi bitirib universitetə qəbul olundu. Ancaq birinci kursu bitirəndən sonra təhsilini dayandırıb hərbi xidmətə yollandı, öncə Vətən borcunu ödəmək istədi. Arzusu daha sonra təhsil alıb şahin - hərbi pilot olmaq idi. Ancaq Vətən müharibəsi başlayan kimi hücuma ilk atılanlardan oldu.
Azərbaycan Ordusunun əsgəri Hüseyn Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Qəribzadə sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Hüseyn Qəribzadə ölümündən sonra " Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidimizin doğum günündə məzarı ziyarət olunub, əziz xatirəsi anılıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!
Keçidlər