Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Eşqin Gülməmmədovun doğum günündə onun adına tikilmiş bulağın açılışı olub

12 avqust 2022 | 08:58
Şəhid Gülməmmədov Eşqin Rabil oğlunun doğum günündə Şəmkir rayonunun Qaracəmirli kəndində onun adına inşa edilmiş bulağın açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin rəhbər şəxsləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rəşad Tağıyev tariximizə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirib, Qələbənin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.
İcra başçısı bildirib ki, Vətən müharibəsində xalqımız ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstərdilər: “Eşqin kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazdı. Bizə Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”.
Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Şəhid Eşqin Gülməmmədovun atası Rabil Gülməmmədov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Keçidlər