Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elvin Əliyevin xatirəsi doğum günündə anılıb

01 avqust 2022 | 09:01
30 illik həsrəti bitirən 44 günlük Şanlı müharibə bizə və dünyaya bir çox qəhrəmanları tanıtdırdı.
Hər birinin fərqli həyat hekayəsi, hər birinin fərqli döyüş şücaəti və hər birinin öz qanları ilə yazdığı bir birindən fərqli qəhrəmanlıq dastanı...
Bu qəhrəmanlarımızdan biri də Şəmkir şəhərində doğulub boya-başa çatan, qorxmadan, çəkinmədən ölümə meydan oxuyan şəhid Elvin Əliyevdir.
Elvin Famil oğlu Əliyev 2000-ci il iyulun 31-də Şəmkir şəhərində anadan olub.
2007-2018-ci illərdə Q.Mirzəməmmədov adına Sərxan tam orta məktəbində təhsil alıb.
Elvin Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Elvin Əliyev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub, Şəmkir şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidimizin doğum günündə məzarı ziyarət olunub, əziz xatirəsi anılıb.
Anım tədbirində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışılıb, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyi vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!
Keçidlər