“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəmkir şəhərində yerləşən fəvvarələrdə təmir-bərpa işləri aparıldı
Şəmkir şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində şəhər ərazisində mövcud olan fəvvarələrdə təmir-bərpa işləri görülüb.
Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Şəmkir Şəhər Mərkəzi Parkında, İstiqlal Parkında və digər ərazilərdə yerləşən fəvvarələrin texniki infrastrukturu tam şəkildə yenilənib, su təchizatı və dövriyyə sistemləri müasir tələblərə uyğunlaşdırılıb. Eyni zamanda onların estetik görünüşü əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Bütün bunlarla yanaşı fəvvarələrin yerləşdiyi ətraf ərazilərdə də abadlıq işləri görülərək vətəndaşların istirahəti üçün daha əlverişli şərait yaradılıb.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən bu işlər şəhərin memarlıq simasının daha da gözəlləşdirilməsi, ictimai məkanların cəlbediciliyinin artırılması və sakinlərin asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, şəhər ərazisində abadlıq və infrastrukturun təkmilləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.






