“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəmkir şəhərində aparılan abadlıq işləri davam etdirilir.
03 iyul 2026 | 16:57
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq şəhər ərazisində həyata keçirilən cari təmir, abadlıq və yenidənqurma işləri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ardıcıl şəkildə davam etdirilir.
Bu dəfə sakinlərimizin asudə vaxtlarını daha çox keçirdikləri İstiqlal parkında təmir işləri aparılıb. Görülən işlər çərçivəsində parkın elektrik təsərrüfatı tam yenilənmiş, istismara yararsız vəziyyətə düşmüş işıqlandırma sistemləri müasir standartlara cavab verən yeni avadanlıqlarla əvəz edilmişdir. Eyni zamanda park ərazisində aqlay üzlüklərin cilalanması, sıradan çıxmış hissələrin yenilənməsi, ərazidə tamet döşənməsi və digər zəruri təmir işləri icra olunmuşdur.
Məlumat üçün bildirək ki, 2026-cı ilin əvvəlində İstiqlal parkında yerləşən fəvvarələrdə də təmir-bərpa işləri həyata keçirilmiş, su nasosları yeniləri ilə əvəz olunmuş, sanitar qovşaq təmir olunmuşdur.
Cari ildə görülən işlər çərçivəsində İstiqlal parkı ilə yanaşı, Şəmkir Əhməd Cavad adına Mədəniyyət Mərkəzində də təmir və yenidənqurma işləri aparılmışdır.
Belə ki, Mərkəzin 450 nəfərlik tamaşa zalı tamamilə yenilənmiş, dəhlizlərdə və müxtəlif təyinatlı otaqlarda təmir işləri görülmüş, daxili infrastruktur yaxşılaşdırılmışdır. Aparılan yenidənqurma işləri mədəni-kütləvi tədbirlərin daha yüksək səviyyədə təşkilinə, yaradıcı kollektivlərin fəaliyyətinin genişləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına imkan yaradacaqdır.
Qeyd edək ki, rayonumuzda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin əsas məqsədi şəhərin küçə və prospektlərində, park və istirahət məkanlarında mövcud şəraiti daha da yaxşılaşdırmaq, bu məkanları müasir dövrün tələblərinə uyğun şəkildə vətəndaşların istifadəsinə təqdim etməkdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin asudə vaxtının səmərəli təşkili, istirahətinin təmin olunması, şəhərin abadlaşdırılması və estetik görünüşünün daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir.






