“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəmkir memarlıq üslubu və tarixi irs” mövzusunda dəyirmi masa təşkil olunub
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan dəyrimi masada rayonun aidiyyəti qurumlarının nümayəndələri, memarlıq və şəhərsalma sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan olunması şəhərlərin və rayonların planlı inkişafı, milli memarlıq irsinin qorunması və müasir urbanizasiya prinsiplərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, bu kimi təşəbbüslər regionların memarlıq xüsusiyyətlərinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi üçün də geniş imkanlar yaradır.
Tədbirdə Şəmkir rayonunun zəngin memarlıq ənənələrinə xüsusi diqqət yetirilərək qeyd olunub ki, rayon ərazisində yerləşən tarixi abidələr, xüsusilə Şəmkir qalası və orta əsrlərə aid körpülər bölgənin qədim şəhərsalma mədəniyyətinin bariz nümunələrindəndir. Eyni zamanda, alman koloniyaları dövründə formalaşmış yaşayış evləri və inzibati binalar Şəmkirin memarlıq simasının formalaşmasında mühüm rol oynayıb.
Vurğulanıb ki, Şəmkir memarlıq üslubu əsasən funksionallıq, sadəlik və yerli iqlim şəraitinə uyğunluq prinsiplərinə əsaslanır. Tarixi tikililərdə təbii daş və bişmiş kərpic materiallarından istifadə olunması, həyət tipli planlaşdırma, geniş eyvanlar və günəş işığından səmərəli istifadə kimi xüsusiyyətlər bu üslubun əsas cəhətləri kimi qeyd edilib. Bununla yanaşı, yaşıllıq elementlərinin yaşayış mühitinə inteqrasiyası və su ehtiyatlarından düzgün istifadə ənənəvi şəhərsalma yanaşmasının mühüm tərkib hissəsi olub.
Dəyirmi masa çərçivəsində müasir şəhərsalma siyasətində milli memarlıq irsinin qorunmasının əhəmiyyəti, regionlarda dayanıqlı inkişaf modellərinin tətbiqi, ekoloji balansın saxlanılması və müasir infrastrukturun yaradılması məsələləri müzakirə olunub. Qeyd edilib ki, tarixi memarlıq nümunələrinin qorunması ilə yanaşı, yeni tikililərdə də milli üslub elementlərinin tətbiqi şəhərin estetik görünüşünün və kimliyinin qorunmasına xidmət edir.
Tədbir zamanı həmçinin şəhərsalma sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir memarlıq yanaşmalarının tətbiqi və regionların uzunmüddətli inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən səsləndirilən təkliflər şəhər mühitinin daha komfortlu və funksional şəkildə formalaşdırılmasına yönəlib.






