Səfir Ralf Horlemann və Almaniya Bundestaqının nümayəndə heyəti Şəmkir rayonuna səfər edib
27 aprel 2026 | 16:21
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Ralf Horlemann və Almaniya Bundestaqının deputatı, Almaniya–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edisin rəhbərlik etdiyi nümayəndə heyəti Şəmkir rayonuna səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev arasında görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı, Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov iştirak edib.
Görüş zamanı Şəmkir rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı və sənaye potensialı, eləcə də həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Bildirilib ki, zəngin tarixə malik Şəmkir rayonunda alman mədəni irsi qorunub saxlanılır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonda yerləşən alman yaşayış evləri bərpa olunaraq ilkin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə yenidən qurulub. Hazırda həmin tarixi abidələr yerli sakinlər və qonaqlar üçün maraq doğuran məkanlar sırasındadır.
Nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Şəmkir rayonunda alman mədəni irsinin qorunmasına verilən önəmi yüksək qiymətləndirib.
Səfər çərçivəsində qonaqlar Şəmkir şəhəri ilə tanış olub, kənd təsərrüfatı müəssisələrinə, eləcə də tarixi məkanlara baş çəkiblər.






