Sarıtəpə kəndinin əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün yeni keçid quraşdırıldı
09 aprel 2025 | 17:38
Şəmkir rayonu respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Bu sahənin davamlı inkişafının təmin edilməsi qarşıda duran əsas məsələlərdən biridir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və tələbatının ödənilməsi, bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlarla birlikdə mütəmadi zəruri tədbirlər görülür.
Bu dəfə Sarıtəpə kəndinin 500 hektara yaxın torpaq sahəsinin suvarılmasını daha da yaxşılaşdırmaq, suvarma mövsümündə yarana biləcək problemlərin vaxtında aradan qaldırılması və torpaqların su təminatını zamanında həyata keçirmək məqsədi ilə Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin tərəfindən Cəyir çayının sol sahilində yerləşən və 30 ildir fəaliyyətini dayandıran kanala çayın sağ sahilində olan Maşın Kanaldan yeni keçid quraşdırılıb.
50 metr uzunluğunda olan keçiddəki diametri 800-1000 mm-lik olan boru xəttinin giriş və çıxış hissəsi betonlanıb. Suvarma suyu ilə yeni təmin olunan kanala təminatın yaxşılaşdırılması üçün Maşın Kanalın Dəllər Cırdaxan kəndi hissəsindəki 1000 mm-lik boru xətti diametri 1600 mm olan yeni boru xətti ilə əvəzlənib. Eyni zamanda Sarıtəpə kəndində yerləşən 20 min kubmetr həcmindəki göl də təmizlənərək tam hazır vəziyyətə gətirilib. Belə ki, fermerlər kanaldan istifadə etmədiyi müddətdə həmin göl kanal vasitəsilə doldurulacaq və su ehtiyyatı kimi saxlanılacaq. Görülən işlərdən sonra Sarıtəpə kəndinin 500 hektara yaxın əkin sahəsinin suvarılması tam təmin olunacaq, həmçinin Dəllər Daşbulaq kəndinin torpaq sahələrinin suvarılmasında yaranan problemlər tamamilə aradan qaldırılacaq.