RİH başçısı Yeni Həyat kəndində şəhid ailəsi və qazilərlə görüşüb
12 sentyabr 2023 | 09:12
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Yeni Həyat kəndində şəhid ailələri və qazilərlə görüşüb.
İcra başçısı bildirib ki, dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir.
Rəşad Tağıyev 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının şanlı zəfər tarixi olduğunu söyləyərək qeyd edib ki, Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimiz daim hörmət və ehtiramla yad edilir.
Həmçinin bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Bütün ölkə ərazisində olduğu kimi, Şəmkir rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilir.
Torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimiz göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.