"Rəşad Tağıyev #Vətən #müharibəsi qəhrəmanlarının il mərasimlərində iştirak edib"
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş vətən oğullarının ildönümü mərasimlərində məzarlarını ziyarət edib, ailələrinə baş çəkib.
Anım mərasimlərində Milli Məclisin nümayəndələri də iştirak ediblər.
İcra başçısı və qonaqlar əvvəlcə şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə qəhərəmanların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad edib.
Şəhid ailələri ilə söhbətində Rəşad Tağıyev bildirib ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi: “Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyirik!”
Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açan icra başçısı illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb.
Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə keçirilən anım tədbirində iştirkaçılar şəhidlərin ailə üzvləri ilə görüşüb, baş sağlığı veriblər.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.