Rəşad Tağıyev Türkiyənin Gəncədəki Baş konsulunu qəbul edib.
12 iyul 2023 | 09:12
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopu qəbul edib.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıqdan, strateji tərəfdaşlıqdan və bu əlaqələrin getdikcə daha da dərinləşməsindən danışıldı.
Rəşad Tağıyev qonağa Şəmkir rayonunun tarixi, mədəniyyət abidələri, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verərək, rayonda reallaşan layihələrdən, görülən işlərdən danışıb.
İcra başçısı bildirib ki, bu gün Şəmkirdə müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye, kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərir, eyni zamanda yeni istehsal müəssisələri açılır, turizm sektoru inkişaf edir.
Görüşdə hər iki ölkənin regionları arasında olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eyni zamanda müxtəlif sahələr üzrə gələcəkdə birgə layihələrin keçirilməsi müzakirə edilib.
Şəmkir rayonuna baş tutan səfərin əsas məqsədinin rayonla tanışlıq olduğunu bildirən Recep Öztop səmimi qəbula görə icra başçısına təşəkkür edib və bildirib ki, belə səfərlər yaxın əlaqələrin, dostluğun daha da möhkəmlənməsində çox əhəmiyyətlidir.
Baş konsul iki qardaş ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan-Türkiyə eyni dildə danışan, eyni əqidəyə mənsub, sözdə deyil, ortaq tarixi keçmişi paylaşan iki qardaş dövlətlərdir.
Recep Öztürk Türkiyədə baş verən zəlzələdə Şəmkir sakinlərinin göstərdiyi dəstəyə görə də təşəkkürünü çatdırıb. Bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir.