Rəşad Tağıyev Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşüb
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda yaşayan azsaylı xalqların nümayəndələri ilə görüş keçirib.
İcra başçısı görüşdə çıxış edərək bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfə verir: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yaşayan bütün azsaylı xalqların nümayəndələri Azərbaycanın hər yerində olduğu kimi Şəmkir rayonunda da mehriban münasibətlər şəraitində yaşayırlar və onların dilinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşılır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim gücümüz bizim birliyimizdir”.
İcra başçısı Azərbaycanın tolerant bir dövlət olduğunu multikulturalizmin xalqımızın adi həyat tərzinə çevrildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb, rayonda yaşayan azsaylı xalqların nümayəndələrinin istək və təkliflərini dinləyib.
Görüşdə azsaylı xalqların nümayəndələri çıxış edərək daim göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.