Rəşad Tağıyev Şəmkirçay su anbarı və Şəmkirçay sutəmizləyici qurğular kompleksində mövcud vəziyyətlə tanış olub
22 iyun 2022 | 15:37
Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş anbar əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadə edilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkirçay su anbarında mövcud vəziyyətlə yerində tanış olub.
İcra başçısına məlumat verilib ki, Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri mövcuddur.
Bildirilib ki, anbar vasitəsilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının ərazilərində 70 min hektara yaxın əkin sahələri suvarılır.
Eyni zamanda Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonuna saniyədə 1,6 kubmetr su verilməklə əhalinin içməli su təchizatı da qarşılanır.
Şəmkirçay su anbarında mövcud vəziyyətlə tanış olan icra başçısı bildirib ki, anbar regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutur.
Rəşad Tağıyev daha sonra Şəmkirçay sutəmizləyici qurğular kompleksi ilə tanış olub.
İcra başçısına məlumat verilərək bildirilib ki, məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular komleksinin su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu mövcuddur. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Suyun götürüldüyü nöqtədən təmizləyici qurğuyadək 1400 mm diametrli polad borularla daşıyıcı xam su xətti var. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur.