Rəşad Tağıyev “Şəmkir” futbol klubunun rəhbərliyini və baş məşqçisini qəbul edib.
24 yanvar 2025 | 18:00
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Şəmkir” futbol klubunun rəhbərliyini və yeni təyin olunmuş baş məşqçisi Vüqar Nadirovu qəbul edib.
“Şəmkir”in yenidən əvvəlki qüdrətini geri qaytarmaq üçün atılan addımların rayon futbolu adına müsbət məqam kimi dəyərləndirən icra başçısı, klubun tarixindən, ənənəsindən danışıb, yerli azarkeşlərin həmişə kluba böyük maraq göstərdiyini bildirib.
“Şəmkir” futbol klubuna yeni baş məşqçisi Vüqar Nadirova işində uğurlar arzulayan Rəşad Tağıyev klubun hazırki durumu ilə maraqlanıb, rayonda uşaq futbolunun inkişafının da vacib olduğunu bildirib.
Klubun idarə heyətinin üzvləri və Vüqar Nadirov isə məqsədləri haqqında ətraflı məlumat verib, komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıblar. Bu istiqamətdə durmadan çalışdıqlarını, müəyyən çevrədə biznes adamları ilə görüşdüklərini bildiriblər.
Sonda komandanın yüksək liqalar uğrunda mübarizəsi üçün qarşıda duran məqsədlər, layihələr ətrafında müzakirələr aparılıb.