Rəşad Tağıyev sakinlərin növbəti səyyar qəbulunu Düyərlidə keçirdi
10 iyun 2022 | 09:44
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq bu dəfə rayonun Düyərli kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbuldan öncə icra başçısı kəndin Şəhidlər Xiyabanını ziyarət edib, Vətənimizin azadlığı uğrunda canını fəda edən qəhrəman oğullarımızın məzarları önünə gül dəstləri düzüb.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi sakinlərlə görüşdə Rəşad Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
Şəmkir rayonuna göstərilən xüsusi diqqət və qayğı, rayonumuzda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında sakinlərə məlumat verən icra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərin əhəmiyyətini xüsusi vurğulayıb.
Rəşad Tağıyev bildirib ki, müharibə şəraitindən çıxmış bir dövlət olmağımıza baxmayaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da aparılan abadlıq və yenidənqurma işləri davam etdirilir: “Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu tədbirlər və görülən işlər bundan sonra da davam etdiriləcək, vətəndaşlarımızı narahat edən ən kiçik problem belə diqqətdən kənarda qalmayacaq”.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.