Rəşad Tağıyev rayonumuza səfər edən səfir Ralf Horelmanı qəbul edib
22 oktyabr 2022 | 11:20
Almaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Ralf Horleman Şəmkir rayonuna səfər edib.
Səfər çərçivəsində səfir Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüb.
Şəmkir RİH başçısı Rəşad Tağıyev alman diplomatları salamlayıb, onları Azərbaycanın ən gözəl, müasir və qədim şəhərlərindən olan Şəmkirdə görməkdən məmnun olduğunu bildirib
İcra başçısı əvvəlcə qonaqlara Şəmkirin zəngin mədəniyyəti, təbiyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb.
Rəşad Tağıyev bildirib ki, Şəmkir Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Bizim istixanalarda becərilən pomidor, xiyar, xurma ölkəmizlə yanaşı xarici bazarlara da çıxarılır.
Rəşad Tağıyev Şəmkirdəki alman mədəniyyətindən də söhbət açıb: “Şəmkirdə alman mədəniyyəti həssaslıqla qorunur. Ötən illər ərzində Prezident cənab İlham Əliyevin ölkəmizdəki alman mədəniyyətinə verdiyi dəyər sayəsində rayonda alman evləri yenidən bərpa olunub. Həmin vaxt bütün xırda detallar belə rayonumuzda yaşayan almanlardan qaldığı kimi təmir edilib. Bu gün isə şəmkirlilər və rayonumuzun qonaqları üçün Şəmkirdəki alman mədəniyyəti xüsusi maraq kəsb edən yerlərdir.”
Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman da öz növbəsində icra başçısına görüş üçün təşəkkürünü bildirib.
Almaniyalı diplomat Şəmkirdə alman mədəniyyəti ilə bağlı görülən işləri yüksək qiymətləndirib: “Bütün Almaniya dövləti adından sizlərə təşəkkürümü bildirirəm. Dövlətimiz gördüyünüz işləri yüksək qiymətləndirir. Bu tək bizim deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin də bir parçasıdır. Almanların Azərbaycana gəlişi tarixin çətin dövrlərində oldu. Onlar ölkənizdə qala bilməsələr də, bir tarix qoyub getdilər. Biz çox şadıq ki, bu tarixi siz yüksək səviyyədə qoruyub saxlayırsınız.”
Səfir Ralf Horleman RİH başçısı ilə görüşdən sonra Şəmkir rayonu ilə tanış olub, kənd təsərrüfatı, sənaye və mədəniyyət mərkəzlərinə, tarixi yerlərə baş çəkib.