Rəşad Tağıyev qəbul qrafikinə uyğun olaraq bu dəfə Hacıallarda sakinlərimizlə görüşüb
05 dekabr 2023 | 10:25
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonumuzun müxtəlif kənd və qəsəbələrində sakinlərimizlə səyyar qəbul-görüşlər keçirir.
Qəbul qrafikinə uyğun olaraq icra başçısı bu dəfə ucqar dağ kəndlərimizdən olan Hacıallarda sakinlərimizlə görüşüb.
Rəşad Tağıyev sakinlərlə söhbətində Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq ölkəmizdə, o cümlədən Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə məlumat verib.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub. Kənd sakinləri bildirib ki, ucqar dağ kəndi olmasına baxmayaraq Hacıallarda qaz, işıq, internet xətləri günün tələblərinə uyğun qurulub, kəndə gələn yol isə RİH-in dəstəyi ilə qum-çınqıl qarışığı tökülərək hamarlaşdırılıb. Sakinlər əsasən iqlim dəyişikliyi ilə bağlı bulaqlarının quruması nəticəsində yaranan su probleminin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı qaldırılan məsələ ilə bağlı ətraflı məlumatlı olduğunu, hətta mütəxəssislərlə birlikdə əraziyə dəfələrlə yerində baxış keçirdiyini bildirib.
Bu məsələ ilə bağlı bütün imkanların səfərbər edildiyini qeyd edən Rəşad Tağıyev bildirib ki, ötən il Hacıallar kəndində dövlətimiz tərəfindən 2 ədəd subartezian quyusunun qazılması da planlaşdırılırdı. Lakin geoloqlar kəndin bütün ərazisini tam araşdırmış, dağlıq ərazi olduğu üçün kənddə yeraltı su mənbəyi olmadığından subartezian quyusunun qazılması baş tutmamışdır.
Görüşdə problemin kökündən aradan qaldırılması üçün sakinlərlə bütün mümkün imkanlar müzakirə olunub, dağlıq əraziləri yaxından tanıyan sakinlərin təklif etdiyi alternativ mənbələrə müvafiq qurumların mütəxəssisləri və RİH-in məsul şəxsləri tərəfindən bir daha baxış keçirilməsi tapşırılıb.
Səyyar qəbul-görüşdə sakinlərimizin digər müraciətlərinə cavab olaraq isə bildirildi ki, qaldırdıqları bu məsələlərlə bağlı da RİH tərəfindən aidiyyəti üzrə müraciət olunub və həlli üçün dəstək göstəriləcəkdir.
Daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirildi.