Rəşad Tağıyev qazilərimizlə növbəti görüş keçirib, istək və qayğıları ilə maraqlanıb
20 avqust 2022 | 10:53
“44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən rəşadətli ordumuz dünyaya böyük və qalib xalq olduğunu bir daha göstərdi. Bu haqq savaşında canlarını fəda edən şəhidlərimiz və qəhrəman qazilərimiz Azərbaycan ordusunun gücünü və qüdrətini nümayiş etdirdi. Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Şəmkirin igid oğullarının da əməyi az olmadı. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan şəmkirli könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçdi, qəhrəmanlıq göstərdilər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir”.
Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qazilərimizlə növbəti görüşündə söyləyib.
İcra başçısı bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin hər cür qayğı ilə əhatə olunması təşkil edir: “Şəmkir rayonunda da şəhid ailələri və qazilərimizə hər zaman xüsusi diqqət və qayğı göstərilir. Bu məqsədlə mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür”.
Rəşad Tağıyev şəhid ailələrinə, qazilərin sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb, onların daim diqqətdə saxlanıldıqlarını qeyd edib.
Səmimi görüşə görə icra başçısına təşəkkür edən qazilərimiz cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb, istək və arzularını, problemlərini səsləndiriblər.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qazilərimizin istək və arzularını daha rahat ifadə etməsi üçün keçirilən belə görüşlər hər həftə baş tutacaq və rayon üzrə bütün qazilərimiz görüşlərə dəvət olunacaq.