Rəşad Tağıyev Qapanlı kəndində yerləşən balıqçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub
08 sentyabr 2026 | 11:41
Bu gün Şəmkir rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması, yeni istehsal sahələrinin yaradılması və aqrar sektorda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi diqqətdə saxlanılır.
Bu məqsədlə sahibkarlarla mütəmadi görüşlər keçirilir, təsərrüfatlara baş çəkilir, onların arzu və istəkləri dinlənilir, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə rayonun Qapanlı kəndində yerləşən təsərrüfata baxış keçirib.
İcra başçısına təsərrüfatın fəaliyyəti, burada həyata keçirilən işlər, balıq yetişdirilməsi prosesi və istehsal imkanları barədə məlumat verilib. Bildirilib ki, təsərrüfatda əsasən sazan və belamur yetişdirilir. Balıq körpələri Suqovuşan və Bərdədən əldə olunur. Hazırda iki su hövzəsində ildə 8–10 ton balıq istehsal edildiyini vurğulayan fermer qeyd edib ki, hazırda məhsula yüksək tələbat var.
Qeyd edilib ki, təsərrüfatda yem bazasının müəyyən hissəsi də daxili imkanlar hesabına formalaşdırılır. Belə ki, təxminən 10 hektar sahədə yonca yetişdirilir və balıqlar üçün yem hazırlanmasında istifadə olunur. Bununla yanaşı, taxıl və digər ənənəvi yem komponentlərindən də yararlanılır.
Təsərrüfata baxış zamanı o da bildirilib ki, təsərrüfatda balıqçılığın ənənəvi istiqamətləri ilə yanaşı, nərəkimilərin yetişdirilməsinə də başlanılıb. Artıq iki ilə yaxındır bu istiqamətdə iş aparılır və ərazidə quraşdırılmış 4 hovuzda ümumilikdə 2000 ədəd nərə balığı körpəsi yetişdirilir.
Rəşad Tağıyev fermerlə söhbətində qeyd edib ki, Dövlət Proqramı kənd təsərrüfatı ilə yanaşı, balıqçılıq və akvakultura sahələrinin inkişafı üçün də mühüm imkanlar yaradır. İcra başçısı vurğulayıb ki, Şəmkirin mövcud təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə bu sahədə istehsalın genişləndirilməsi, yeni təsərrüfatların yaradılması və məhsuldarlığın artırılması rayonun aqrar inkişafına mühüm töhfə verə bilər.
Baxış zamanı təsərrüfatın gələcək inkişaf perspektivləri, balıqçılıq və akvakultura sahəsində istehsalın artırılması, mövcud su və torpaq ehtiyatlarından daha səmərəli istifadə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.






