Rəşad Tağıyev intensiv bağlara baş çəkib, fermerlərlə görüşüb
21 iyun 2022 | 09:50
Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Kənd təsərrüfat sahələrinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir.
Son illərdə Şəmkir rayonunda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır. Qeyd etmək yerinə düşər ki, meyvəçilik Şəmkirdə kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir.
Yeni salınmış 1079.5 hektar bağlar və giləmeyvələri də daxil etməklə 4480.4 hektar meyvə və giləmeyvə bağları mövcuddur. Mövcud sahənin 3212.6 hektar meyvə verən yaşda olan bağlardır. Cari ildə həmin sahələrdən 78154.4 ton məhsul istehsal olunmuşdur.
Rayon ərazisində əsasən xurma, alma, armud, gilas, şaftalı, heyva və digər meyvə bağları mövcuddur. Rayonda həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir. Çünki Şəmkir rayonunda aqrar sektorun inkişafı ön planda tutulur. Bu sahədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iqtisadi dəyəri yüksək layihələrin həyata keçirilməsinin təşviqi yerli xammal ehtiyatlarından istifadənin genişləndirilməsinə yol açır.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
İcra başçısı rayonda salınmış intensiv şaftalı, nektarin, gilas, ərik və gavalı bağlarına, əkin sahələrinə baş çəkir, təsərrüfatlarda fermerlərlə açıq sahələrdə keçirilən görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.