Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev ilk dərs günündə iştirak etdi

15 sentyabr 2023 | 14:36
Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseydə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, şəhid ailələri, məktəb rəhbərliyi, valideyn və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rəşad Tağıyev təhsil müəssisəsinin valideyn, müəllim və şagird kollektivini yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edərək bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizdə, o cümlədən Şəmkir rayonunda müasir tələblərə tam cavab verən yeni təhsil müəssisələri yaradılır. Son illər Heydər Əliyev Fondunun xətti ilə də bir çox məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni tədris korpusları inşa edilib.
İcra başçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən yenidən inşa olunan və bu il avqust ayının 7-də ölkə başçısının açılışını etdiyi Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseydə 1600 şagird üçün bütün imkanların yaradıldığını xüsusi vurğulayıb: “İnanıram ki, şagirdlərimiz onlar üçün yaradılan bu imkanlardan maksimum istifadə edəcək və daha yüksək nəticələr əldə edəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, dövlətimiz tərəfindən ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb”.
Tədbirdə çıxış edən məktəbin kollektivi yeni dərs ilində təhsil müəssisəsinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən bəhs ediblər.
Sonda məktəbin ibtidai sinif şagirdlərinin ifasında musiqilər, səhnəciklər təqdim olunub və yeni dərs ilinə start verilib.
Keçidlər