Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev "Gənclər Günü"ndə könülləri təbrik etdi- FOTOLAR

03 fevral 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 2 fevral Gənclər Günü münasibətilə RİH başçısı Aparatında fəaliyyət göstərən könüllülərlə görüşüb.

Gənclərin könüllülük fəaliyyətinə qoşulmasını yüksək qiymətləndirən icra başçısı Prezidenti cənab  İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.

Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.

Rəşad Tağıyev Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib: “Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır”.

İcra başçısı bildirib ki, gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident cənab  İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bütün dövlət təşkilatlarına tövsiyə olunur ki, könüllüləri cəlb etsinlər. Könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçməlidir. Özəl sektor da gəncləri işə cəlb etməlidir ki, gənclər həm təcrübə keçsinlər, həm də onlarda hazırlıq prosesi sürətlə getsin.

Şəmkirdə könüllü fəaliyyəti ilə bağlı məlumat verən icra başçısı gənclərin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini xüsusi vurğulayıb. Həmin tədbirlər nəticəsində gənclərin böyük əksəriyyəti iş əldə etmək imkanı qazanır.

Cəsarətli addım ataraq fəaliyyətə qoşulan gənclərə gələcək işlərində bir daha uğurlar arzulayan icra başçısı onlara Sertifikatlar təqdim edib.

Keçidlər