Rəşad Tağıyev fermerlərlə görüşüb, təsərrüfatlara baxış keçirib
Bu gün Şəmkirdə məhsul istehsalçılarına göstərilən dəstək aqrar bölmənin inkişafı üçün geniş imkanlar yaradıb.
Görülən işlərin nəticəsi olaraq 2023-cü ildə olduğu kimi 2024-cü ildə də Şəmkir rayonu kənd təsərrüfatı məhsullarının həcminə görə respublikada 1-ci yerdə qərarlaşmaqla ən böyük aqrar rayon ünvanını qoruyub saxladı.
Əldə olunan bu uğurlu nəticələrin davamlı olması üçün cari ildə də rayonumuzun iqtisadi potensialının əsas hissəsini təşkil edən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür.
Belə ki, rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq ərazilərdə fermer təsərrüfatlarına baş çəkilir, problemləri yerində dinlənilir və dəstək göstərilir.
Bu günlərdə isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun Çinarlı qəsəbəsi ərazisində soğan əkilən sahələrdə fermerlərlə görüşüb, onların istək və arzuları ilə maraqlanıb.
Fermerlər becərdikləri bitkiyə nümunəvi qulluq etdiklərindən sahələrdə bol məhsul yetişdiyini bildiriblər.
Onu da qeyd edək ki, cari ilin məhsulu üçün Şəmkirdə 1834 hektar sahədə soğan əkilib. Son statistik məlumatlara görə əkilmiş sahələrdən fermerlər tərəfindən ümumilikdə 57070 ton məhsul yığılıb. Orta məhsuldarlıq hər hektara görə 311.2 sentner təşkil edib.
Yerli fermerlər bildirir ki, bu il becərdikləri sahələrin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və bütün bunları nəzərə alaraq onlar növbəti ilə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar.






