Rəşad Tağıyev DATÜB-ün baş katibi və Milli Qəhrəman İsgəndər Aznaurovun ailə üzvlərini qəbul edib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Dünya Ahıska Türkləri Birliyinin baş katibi Fuat Uçarın rəhbərlik etdiyi nümayəndə heyətini və Milli Qəhrəman İsgəndər Aznaurovun ailə üzvlərini qəbul edib.
Rəşad Tağıyev qonaqları salamlayıb, onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
İcra başçısı görüşdə rayonumuzun zəngin mədəniyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb.
Şəmkir rayonunda məskunlaşan Ahıska türkləri ilə bağlı həyata keçirilən sosialyönümlü layihələr haqqında da danışan Rəşad Tağıyev bildirib ki, Ahıska türkləri tarixin acı sınaqlarını dəfələrlə öz taleyində yaşamış xalqdır: “Xalqımızın Ümummilli lideri Heydər Əliyev həmişə ahıskalıların faciəli taleyinə, problemlərinə xüsusi həssaslıqla yanaşıb, onların milli iradə və əzmkarlığını, mübarizliyini, zəhmətsevərliyini, tarixi-etnik kökə bağlılığını yüksək qiymətləndirirdi. Məhz onun diqqət və qayğısı ilə Ahıska türklərinin yaşadıqları qəsəbə və kəndlər, təsərrüfatlar hərtərəfli inkişaf dövrünü yaşadı. Azərbaycan dövləti indi də bu istiqamətdə siyasətini davam etdirir”.
DATÜB-ün baş katibi Fuat Uçar səmimi görüşə görə icra başçısına təşəkkür edərək Şəmkir rayonuna səfərlərinin məqsədi haqqında danışıb. Bildirib ki, Ahıska türkləri Azərbaycana gəldiyi ilk illərdən bu günə qədər həm dövlətin, həm də Azərbaycan xalqının diqqət və qayğısını hər zaman hiss edib, Azərbaycanı öz vətənləri biliblər. Elə buna görə də ahıskalılar Qarabağ məsələsində məhz öz dövlətlərinə sahib çıxıblar: “Birinci Qarabağ müharibəsi və Vətən savaşı ilə birlikdə 92 şəhidimiz var. Onlardan İsgəndər Aznaurova Birinci Qarabağ müharibəsi zamanı göstərdiyini şücaətlərə görə şəhadətindən sonra Milli Qəhrəman, Murad Əflətova isə 44 günlük müharibədən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bu gün Şəmkir rayonuna səfərimizin məqsədi də burada yaşayan Ahıska türklərinə göstərilən diqqətə görə şəmkirlilərə Birliyimizin təşəkkürünü çatdırmaqdır”.
F.Uçar Ulu Öndər Heydər Əliyevin hər zaman Ahıska türklərinə qayğı göstərdiyini, onların Azərbaycanda ali təhsil almalarına, Azərbaycanın iqtisadi, mədəni həyatında iştiraklarına geniş şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, Ahıska türkləri həmin dövrdən etibarən öz qədim mədəniyyətini və folklorunu qoruyaraq inkişaf etdiriblər.
Baş katib qeyd edib ki, Azərbaycan türkləri ilə Ahıska türkləri arasında heç bir fərq yoxdur: “Sonradan Azərbaycandan gedənlər olsa da, onların hər zaman bu ölkəyə özəl sevgisi var. Çünki Azərbaycan ən çətin zamanda ahıska türklərinə əl uzatdı və onların da Azərbaycana vəfa borcu var”.
Görüşdə iştirak edən, Milli Qəhrəman İsgəndər Aznaurovun ailə üzvləri də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, arzu və istəklərini səsləndiriblər.
İsgəndər Aznaurovun adının Şəmkir rayonunda əbədiləşdirilməsi, xatirəsinin yaşadılması üçün görülən işlərə görə təşəkkürlərini bildirən Milli qəhrəmanın övladları qeyd ediblər ki, biz torpağımızı, bayrağımızı sevən millətik və hər zaman olduğu kimi Vətən Müharibəsində də Müzəffər Ali Baş Komandan İlham Əliyevi bütün ahıska türkləri olaraq dəstəklədik. Sevindirici haldır ki, Azərbaycanda yaşayan bütün xalqlar yumruq kimi birləşərək düşmənə ölümcül zərbələr vurdu və Şanlı Zəfər qazandıq.






