Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev cari təmir-bərpa işləri aparılan məktəbdə yaradılan şəraitlə tanış olub.

17 noyabr 2026 | 12:19
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi, təhsil müəssisələrinin yenidən qurulması və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər bölgələri də əhatə etməklə şagirdlərin keyfiyyətli təhsil alması üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.
Şəmkir rayonunda da təhsil müəssisələrinin mərhələli şəkildə yenilənməsi istiqamətində işlər davam etdirilir. Bu dəfə Mahmudlu kəndində yerləşən Yaşar Əsgərov adına tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən cari təmir-bərpa işləri aparılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev məktəbdə olub, görülən işlərlə və yaradılan şəraitlə tanış olub. İş icraçıları layihə barədə məlumat verərək bildirib ki, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. 642 şagirdin təhsil aldığı məktəb binasında aparılan təmir işləri çərçivəsində idman zalı da yenilənərək şagirdlərin istifadəsinə verilib.
Onu da qeyd edək ki, Rəşad Tağıyevin kənd sakinləri və valideynlərlə görüşü zamanı məktəbin yeni inventarlarla təmin olunması məsələsi də qaldırılıb. Sakinlərin müraciəti RİH başçısı tərəfindən aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə yönləndirilib və məktəbin yaxın günlərdə yeni inventarlarla təchiz olunması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, son beş il ərzində rayonda təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilib. Belə ki, 6 məktəbdə və 2 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb, 2 dağ kəndində modul tipli məktəb quraşdırılıb. Həmçinin 2021–2025-ci illərdə 32 məktəb və 13 körpələr evi-uşaq bağçasında cari təmir işləri görülüb.
Hazırda Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta ümumtəhsil məktəbində əsaslı təmir-bərpa işləri davam etdirilir, Çənlibel kəndində isə modul tipli məktəb quraşdırılır. Cari ildə daha iki məktəbin yenidən qurulması, eləcə də Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.
Keçidlər