Rəşad Tağıyev bu dəfə "Şəmkir Un-Yem" MMC-də olub
"Fabrik bölgədə taxılçılığın və heyvandarlığın inkişafına öz töhfəsini verir"
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən zaman müddətində ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb.
Bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır.
Bütün sahələr kimi iqtisadi sahədə də uğurlar əldə edən rayonlarımızdan biri də Şəmkirdir.
Bu gün Şəmkirdə özəl sektorun, xüsusilə də sahibkarlığın inkişafına lazımi dəstək göstərilir, onların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişafı ilə bağlı tədbirlər davam etdirilir.
Dövlətimizin iri və orta sahibkarlar üçün yaratdığı münbit şəraitdən yararlanan müəssisələrdən biri də illik istehsal gücü 60 min ton olan “Şəmkir Un-Yem” MMC-dir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Şəmkir Un-Yem” MMC-də yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə yerində tanış olub.
MMC-nin direktoru Aslan Əliyev icra başçısına məlumat verərək bildirib ki, müəssisə 2018-ci ildə fəaliyyətə başlayıb: “İnvestisiya dəyəri 6 milyon manat olan müəssisəmizdə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır. Müəssisənin tərkibinə buğda elavatoru və dəyirman kompleksi daxildir. Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması prosesi həyata keçirilir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı məhsulun uzun müddətə və itkisiz saxlanmasına imkan verir”.
Aslan Əliyev bildirib ki, dəyirman kompleksinin gündəlik istehsal gücü 150-170 tondur. Ən müasir texnoloji avadanlıqların quraşdırıldığı dəyirmanda istehsal prosesi tam avtomatlaşdırılıb.
Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılaraq satış müəssisələrinə göndərilir. Buğdanın üyüdülməsi zamanı alınan kəpəkdən isə heyvandarlıq müəssisələrində yem kimi istifadə edilir.
Müəssisənin gələcək planları barədə məlumat verən Aslan Əliyev bildirib ki, gələcəkdə dəyirman kompleksinin fəaliyyətinin daha da genişləndirilməsi, istehsal gücünün artırılması planlaşdırılır. Bunun nəticəsində müəssisədə yeni iş yerləri açılacaq, işçilərin maddi güzəranı daha da yaxşılaşacaqdır.