Rəşad Tağıyev BMqT-nin və KOICA-nın nümayəndələrini qəbul edib
20 yanvar 2024 | 15:40
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Beynəlxalq Miqrasiya Təşkilatının və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları ilə görüşüb.
Qonaqları salamlayan icra başçısı Şəmkir rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında onlara məlumat verib.
BMqT-nin və KOICA-nın əməkdaşları icra başçısına təşəkkür edərək Şəmkir rayonuna səfərlərinin məqsədi haqqında danışıblar. Bildirilib ki, hər iki təşkilatın nümayəndələri tərəfindən Şəmkir və bir sıra rayonlara monitorinq səfərləri həyata keçiriblər. Məqsəd isə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasını qiymətləndirmək olub.
Rəşad Tağıyev ötən il təşkilatın İrmaşlı kəndində olan kəhrizlərin bərpası istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinə təşəkkürünü bildirib.
İcra başçısı vurğulayıb ki, bərpa edilərək təhvil verilən kəhrizlər kənd sakinlərinin içməli su ilə təminatında mühüm əhəmiyyət kəsb edir.
Görüşdə gələcək planlar və Şəmkir rayonunda bərpa olunması planlaşdırılan kəhrizlər müzakirə edilib.