Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik etdi

04 oktyabr 2024 | 18:03
Şəmkir rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüş keçirildi.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsi müdiri Arslan Hacıyev və rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak etdilər.
Rəşad Tağıyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzuladı və Ulu öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs etdi.
İcra başçısı bildirdi ki, Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Rəşad Tağıyev qeyd etdi ki, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Tədbirdə çıxış edən təhsil işçiləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi RİH başçısının Fəxri Fərmanı ilə mükafatlandırıldı, xatirə şəkli çəkildi.
Keçidlər